"Azərbaycan Respublikası üçün karantin əhəmiyyətli zərərli orqanizmlər" adlı atlas Azərbaycan
Respublikasının Hökuməti və Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi" çərçivəsində hazırlanmışdır. Layihənin icrası
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən həyata keçirilmişdir.
Oxuculara təqdim olunan bu atlasda ölkənin florası, o cümlədən kənd təsərrüfatı əhəmiyyətli bitkiləri
üçün təhlükəli hesab edilən, eyni zamanda xarici və daxili karantin tətbiq olunan ziyanverici orqanizmlər haqqında həm illüstrativ, həm də icmal xarakterli məlumatlar öz əksini tapmışdır. Atlasda qeyd olunan
orqanizmlər haqqında məlumatlar Dövlət Fitosanitar Xidməti tərəfindən təqdim olunmuşdur. Bu
kitab Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və ölkə üçün
potensial təhlükə törədə bilən, habelə karantin tətbiq olunan zərərli orqanizmlərin siyahısına
əsasən hazırlanmışdır.
Ölkənin müxtəlif qurumlarından cəlb edilmiş mütəxəssislərin əməyi nəticəsində hazırlanmış
atlasda Azərbaycanda ilk dəfə olaraq müxtəlif bölmələrə aid (zərərverici həşəratlar, göbələklər,
bakteriyalar, viruslar, nematodlar və alaq otları) karantin əhəmiyyətli ziyanlı orqanizmlər bir yerə
toplanaraq, oxuculara təqdim olunmuşdur.
Atlasdan karantin müfəttişləri ilə yanaşı, həm də elm adamları, müəllimlər, tələbələr, idxal və
ixracla məşğul olan sahibkarlar və bu sahəyə marağı olan müxtəlif şəxslər istifadə edə bilərlər.
Atlas hazırlanarkən əsasən beynəlxalq ədəbiyyatdan, o cümlədən EPPO-nun (European and
Mediterranean Plant Protection Organization - Avropa və Aralıq dənizi ölkələrinin Bitki Mühafizə Təşkilatı), CABI-nin (Centrefor Agriculture and Biosciences international - Beynəlxalq Kənd
Təsərrüfatı və Bioelmlər Mərkəzi) məlumat bazalarından və digər etibarlı yerli və xarici
mənbələrdən istifadə olunmuşdur.
Bütün zəruri bölmələri əhatə edən bu cür genişləndirilmiş atlasın ölkəmizdə ilk dəfə nəşrə
hazırlandığını nəzərə alaraq qeyd etmək istərdik ki, hər hansı məqamların diqqətdən kənar qala
biləcəyi də istisna edilmir. Bu baxımdan, gələcək nəşrlərdə atlasın daha da təkmilləşdiriləcəyi
mümkündür.
Dəyərli alimlər və mütəxəssislər tərəfindən ərsəyə gətirilmiş bu kitabın ölkənin kənd
təsərrüfatına böyük töhfə verəcəyinə əminik.