CƏFƏR HÜSEYN OĞLU MƏHƏRRƏMOV

Cəfər Hüseyn oğlu Məhərrəmov, 23 avqust 1981-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olub.

2002-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (AKTA) (hazırkı adı Azərbaycan Dövlət Aqrar Universiteti) "Aqronomluq" ixtisası üzrə bakalavr dərəcəsini alıb.

2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

2002-2003-cü illərdə Milli Ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçib və əsgər kimi ehtiyata təxris olunub.

2003-cü ildə həqiqi hərbi xidmətdən təxris olduqdan sonra Gəncə şəhərində yerləşən Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizə İnstitutunda baş laborant vəzifəsində işə başlayıb. 2003-2007-ci illər ərzində burada baş laborant vəzifəsindən kiçik elmi işçi vəzifəsinədək çalışıb. İnstitutda çalışdığım müddətdə müxtəlif kənd təsərrüfatı bitkilərinin (taxıl, kartof, üzüm) zərərvericilərinə qarşı mübarizə məqsədi ilə proqnoz və siqnal metodlarının təkmilləşdirilməsi mövzusunda elmi tədqiqat işlərinin aparılmasında iştirak edib. 

2005-2007-ci ildə AKTA-da təhsil alaraq, aqronomluq ali peşə-ixtisas təhsil istiqamətinin "Bitkilərin Mühafizəsi" ixtisası üzrə magistratura elmi dərəcəsini fərqlənmə ilə bitirib.

2007-ci ilin mart-sentyabr və oktyabr-dekabr ayları ərzində “Ətraf mühitin idarə edilməsi üzrə magistratura” Tempus proqramı çərçivəsində Belçikanın Gent Universitetinin Bitkiləri mühafizə kafedrasında elmi tədqiqat işi həyata keçirib. Elmi tədqiqat işinin nəticəsi olaraq, 2011-ci ildə yüksək reytinqli elmi jurnalda məqalə çap olunub.

2008-2010-cu illər ərzində AKTA-nın elm və beynəlxalq əlaqələr şöbəsində müdir vəzifəsində çalışıb. Həmin dövrlərdə xidmət fəaliyyətlərimlə əlaqədar olaraq, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən diplomla, universitet rəhbərli tərəfindən fəxri fərmanla təltif olunub.

“2007-2015ci illərdə xaricdə təhsil” üzrə Dövlət Proqramının dəstəyi ilə 2010-2013-cü illər ərzində Belçikanın Gent Universitetinin bitkiləri mühafizə kafedrasında tətbiqi biologiya elmləri üzrə doktoranturada təhsil almaq hüququ əldə edib. Bundan başqa 2014-cü ildə Belçikanın təqaüd proqramını qazanaraq təhsilini tamamlayıb, 22 yanvar 2015-ci il tarixdə Gent Universitetində doktorluq dissertasiyamı müdafiə edərək tətbiqi biologiya üzrə fəlsəfə elmləri doktoru alimlik dərəcəsini alıb.

Belçikadan qayıtdıqdan sonra bir müddət Azərbaycan Dövlət Aqrar Universitetində mütəxəssis vəzifəsində çalışıb.

2015-2018-ci illər ərzində ilin icrası Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı tərəfindən təmin olunan, “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” layihəsində bitki sağlamlığı və toxumçuluq üzrə mütəxəssis vəzifəsində çalışıb.

2018-ci il 24 may tarixdən – 29 noyabr 2019-cu il tarixədək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi xidmətinin aqrar siyasət məsələləri şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb.

2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçiliyi Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə magistraturanın qiyabi təhsil şöbəsinə daxil olub.

2020-ci il 29 iyun tarixdən 21 sentyabr 2020-ci il tarixədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin layihələr və proqramlar şöbəsinin müdiri vəzifəsində çalışıb. Dövlət qulluğunun kiçik müşaviridır.

5-i xaricdə nəşr olunmaqla 10-dan çox elmi məqalənin müəllifidir.

Rus, ingilis və niderland dillərini bilir, kompüterdən və müasir İKT-dən sərbəst istifadə edir.